Hər bir xalqın yaddaşında dərın iz buraxan, milli özünüdərk prosesində dönüş nöqtəsi hesab edilə bilən mühüm hadisələr vardır. Zaman-zaman yadelli işğalçıların təcavüzünə uğramış, başı min bir bəlalar çəkmiş Azərbaycan xalqı tarixdə çox acı səhnələr yaşamışdır. Harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın qan yaddaşına əbədilik həkk olan tarixi günlər vardır. Belə ağır məqamlardan biri də 20 Yanvar günüdür. Tarixdə ”Qanlı 20 Yanvar” kimi qalan həmin faciəli gündə Bakıya yeridilən rus-sovet qoşunu Qarabağ probleminə münasibətdə mərkəzin ədalətsiz mövqeyinə etiraz edən Azərbaycan xalqına divan tutdu, uşaq, yaşlı, qadın, kişi, qoca, cavan demədən qarşısına çıxan hər kəsi qəddarcasına qətlə yetirdi.

Azərbaycan xalqı böyük inam və əzmlə xidmət etdiyi bir dövlətdə başına belə faciənin gələcəyini güman etməzdi. Lakin rus-sovet ordusu xalqımıza arxadan zərbə vurdu, Azərbaycana qarşı insanlıqdan çox-çox uzaq vəhşiliklər törətdi.

 

Sonradan yalnız  147 nəfərin meyiti tapılaraq Bakıda Şəhidlər Xiyabanında dəfn edilsə də, o günlərdə mindən çox vətəndaşımız itkin düşmüş və onların öldüklərindən-qaldıqlarından xəbər çıxmamışdı. Vəhşi qırğın zamanı şəhid olanlarla və itkin düşənlərlə yanaşı çoxlu sayda azərbaycanlı yaralandı, şikəst edildi, həbsə atıldı.

M.Qorbaçovun başçılığı ilə öz xalqına xəyanət yolunu tutan Sovet rəhbərliyi Azərbaycanı informasiya blokadasında saxlamaqla və ölənlərin sayını gizlətməklə, qırğının miqyasını  ört-basdır etməyə çalışırdı. 20 yanvar hadisələrinin əsas səbəbi göstərilmir, faktlar saxtalaşdırılırdı. Zərərçəkənlərin azərbaycanlılar yox,  Bakıda yaşayan ermənilər olması, azərbaycanlıların onları döyməsi, öldürməsi və bu səbəbdən qoşunun dinc erməniləri “vəhşi azərbaycanlılardan” qorumaq məqsədi ilə Bakıya köməyə gəlməsi barədə yalan məlumat verilirdi.

      

Ancaq ədalət gec də olsa yerini aldı, bütün dünya bu dəhşətli faciədən, olayların əsil səbəbindən xəbər tutdu. Sovet imperiyasının bu namərd aksiyası imperiyanın süqutunu dönməz prosesə çevirdi və daha da sürətləndirdi. Faciədən cəmi bir il sonra SSRİ adlı qüdrətli bir dövlətin adı dünya xəritəsindən silindi.   

Qanlı 20 Yanvar gecəsi Azərbaycan xalqı üçün tarixi bir mərhələ idi. Dəhşətli faciə xalqımızı çox mətləblərdən agah etdi, ona dostu ilə duşmənini tanıtdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda  günahsız insanların gülləbaran edilməsi əməliyyatı  SSRİ Müdafiə Nazirliyi, DİN  xüsusi təyinatlı dəstələri və SSRİ DTK-nın “A” təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu faciənin törədilməsi  Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyünü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.  Düşmənin niyyətləri puça çıxdı, Doğma Vətən uğrunda canını fəda edən yüzlərlə şəhid verən xalq qorxmadı, çəkinmədi,əksinə şanlı övladlarına görə böyük qürur hissi keçirərək, daha əzəmətlə dikəldi azadliğina doğru inamla irəlilədi. 

Böyük siyasi xadim, ulu öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi və elə oradaca qısa müddətdə bütün şəhid məzarlarının üstünün götürülməsi və burada memorial kompleksin ucaldılması barədə tapşırıq verdi.  20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Hakimiyyətə qayıtdıqdan sonra Ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu. Məhz Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin tövsiyəsindən sonra   Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

 

Bu gün 20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanı xalqımızın ən müqəddəs ziyarətgahına, and yerinə çevrilmişdir.