XIX əsrin əvvəllərində Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanması ilə Azərbaycan xalqının və torpaqlarının iki yerə parçalanmasının  əsası qoyulmuşdur və həmin vaxtdan Azərbaycan xalqının milli faciəsi, onun qədim torpaqlarının zəbt edilməsi başlanılmışdır. Ermənilərin  kütləvi surətdə qonşu dövlətlərdən Azərbaycan torpaqlarına köçürülməsi məhz həmin müqavilələrə əsasən həyata keçirilmiş, beləliklə Azərbaycan  torpaqlarının işğalı və  azərbaycanlıların soyqırımı  davamlı şəkil almışdır.

          Azərbaycanın  ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibati bölgü yaradılmasına nail olmuşdurlar. Bununla da  azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası  qoyulmuşdur. Uydurma “Böyük  Ermənistan”  ideyasına həqiqət donu geyindirmək məqsədi ilə  erməni tarixi  saxtalaşdırılır,  Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan  ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. Bakı şəhərindən  başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Avantürist torpaq iddialarını pərdələmək və hadisələrin əsil  mahiyyətini gizlin saxlamaq məqsədi ilə erməni təbliğatı bütün dünyada azərbaycanlıların mənfi obrazını yaratmaq siyasəti yürüdürdü.

1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdırlar. 1918-ci ilin martında bolşeviklərin rəhbəri V.İ. Lenin S. Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək,  Bakıya göndərmişdir. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, daşnak-bolşevik S.Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini  azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxmışdır.

Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişdilər.  Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdirlər.”. 

         

      Mart soyqırımı günlərində minlərlə dinc əhali yalnız azərbaycanlı olduqlarına görə məhv edildilər. Ermənilər evlərə od vurur, insanları diri-diri yandırırdılar. Mədəniyyət abidələrini, binaları, məktəbləri, xəstəxanaları, məscidləri dağıdır, Bakı şəhərini xarabazara çevirirdilər. Dinc əhali kütləvi surətdə qətlə yetirilir, kəndlər yandırılır, milli mədəniyyət nümunələri vəhşicəsinə məhv edilirdi.

    

          Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra, 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirildi. Azərbaycanlıların soyqırımı və torpaqlarımızın işğalı proseslərinə siyasi qiymət vermək istiqamətində işlərə başlanıldı. Faciənin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıldı. Erməni vəhşilikləri haqqında həqiqətləri dünya  ictimaiyyətinə  çatdırmaq üçün Xarici İşlər Nazirliyinin nəzdində xüsusi qurum fəaliyyət göstərirdi.  Lakin 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırıldı və bu işlərin başa çatdırılmasına imkan verilmədi.

Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş qırğınlar zamanı (1905-1907-ci və 1918-1920-ci illər) ermənilər tərəfindən yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, ev-eşiyindən, doğma yurdlarından didərgin salınmışdır.  İnsanlar işgəncə ilə öldürülmüş, qulaqları, burunları kəsilmiş, qarınları yarılmış, körpələr süngüyə keçirilmişdir. Gənc qadınlar və onların uşaqları diri-diri divara mıxlanmış, erməni vəhşiliyindən canını qurtarmaq üçün insanların qaçıb toplaşdığı məscidlər, tövlələr, xəstəxanalar bütünlüklə yandırılmışdır. Qaçmağa çalışan əhalinin qarşısını kəsmək üçün  ermənilər yaşayış məntəqələrində hər tərəfdə əvvəlcədən pusqular quraraq, pulemyotlar yerləşdirmişdirlər. Təkcə Bakıda mart qırğını zamanı 25 min azərbaycanlı  qətlə yetirilmişdir. Halbuki, daşnakların azərbaycanlılara qarşı soyqırımı Bakı şəhəri ilə məhdudlaşmamış, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qars,  Lənkəran və digər bölgələrdə də xüsusi qəddarlıqla həyata keçirilmişdir.

         

     Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı həyata keçirən erməni quldurları Şamaxıda 8 minə qədər dinc sakin öldürmüşdürlər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir.

Cümhuriyyətin süqutundan sonra da bu amansızlıqlar bitməmişdir. 1920-ci ilin mayında erməni daşnak dəstələrinin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Ümumiyyətlə, sovet hakimiyyəti illərində də azərbaycanlılara qarşı soyqırımı siyasəti eyni amansızlıqla davam etdirilmiş, xalqımız daha qəddar repressiyalara və deportasiyalara məruz qalmışdır.