Qədim və zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı XX yüzilliyin sonunda yenidən müstəqilliyinə qovuşdu. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü tarixi Azərbaycan torpaqlarının ən qədim insan məskənlərindən, həmçinin müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən  biri olduğunu sübut edir.

Tarixi Azərbaycan torpaqlarında İlk dövlət qurumlarının və ya etnik-siyasi birliklərin hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yarandığı və dövlətçilik ənənələrinin təqribən 5 min illik tarixə malik olduğu məlumdur. Deməli Azərbaycanlılar dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Manna, Midiya, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər eramizdan əvvəl I minilliyin və bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında mövcud olmuşlar. Yalnız Azərbaycanın deyil, eləcə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutan Manna dövləti bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qonşularına - Aşşur və Urartu dövlətlərinə qarşı mübarizə aparırdı.

Nə uzun sürən Əhəməni-İran imperiyasının işğal rejimi, nə də Makedoniyalı İsgəndərin yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyətini məhv edə bilmədi. Makedoniyalı İsgəndərin ölümündən dərhal sonra ölkəmizin cənub torpaqlarında Atropatena, şimalında isə Albaniya dövlətləri meydana gəldi və Azərbaycan dövlətçiliyi yenidən dirçəldi. 

 III əsrdə Azərbaycanı işğal edən Sasani-İran imperiyası ölkəyə çoxsaylı irandilli, VII əsrdə ölkəmizi işğal edən Ərəb xilafəti isə ərəb mənşəli əhalini köçürdülər. Gəlmə əhalinin mühüm hərbi-strateji əhəmiyyətə malik məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirilməsinə, onlara geniş imtiyazlar verilməsinə baxmayaraq, bütün bunlar Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi. Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi, şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi.

 Xilafət dağıldıqdan sonra - IX əsrin ortalarından Azərbaycanda qədim dövlətçilik ənənələri üzərində yenidən dirçəliş baş verdi. Siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış müşahidə edildi. Lakin davamlı siyasi sabitlik olmadı və Azərbaycan bu dəfə Orta Asiyadan Aralıq dənizi sahillərinə, Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil edildi.

Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldəgizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və yüksəlişində mühüm rol oynadılar. XII əsrdə Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldəgizlər dövləti xalqımızın etnik-siyasi tarixində mühüm əhəmiyyətə  malikdir. Xüsusən, Azərbaycan mədəniyyətinin İntibahı özünün Xaqani, Nizami, Məhsəti, Əcəmi zirvəsinə yüksəldi. XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik ənənələri daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.

XV əsrin sonu - XVI əsrin əvvəllərində Uzun Həsənin nəvəsi, görkəmli dövlət xadimi Şah İsmayıl Xətai bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi və bununla da Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni zirvəyə qədəm qoydu. Tarix meydanına paytaxtı Təbriz şəhəri olmaqla vahid, mərkəzləşdirilmiş Azərbaycan - Səfəvi dövləti çıxdı. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər hökmdarların fəaliyyəti, uğurlu daxili və xarici siyasəti nəticəsində Səfəvi dövləti qısa müddətdən sonra Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi. Sonralar hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi, Dehli də daxil olmaqla  Şimali Hindistanı ələ keçirdi. Lakin Nadir şahın ölümü bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planlarının həyata keçməsinə mane oldu və onun idarə etdiyi böyük imperiya süquta uğradı. Bununla da XVIII əsrin ikinci yarısında  Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Bu isə daim Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə əlverişli fürsət verdi. Azərbaycan iki böyük dövlətin maraqlarının toqquşduğu qanlı hərb meydanına çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycanın şimalı Rusiyaya, cənubu isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı. Ölkənin bu ağır taleyinə rəğmən Azərbaycan xalqının vətənpərvər insanlarının, görkəmli maarifçi ziyalılarının gərgin zəhməti və səmərəli fəaliyyəti sayəsində milli-mənəvi inkişafımız təmin edildi, tarixi yaddaşımız, qədim, zəngin mədəniyyət dəyərlərimiz qorunub saxlandı.

 Azərbaycan tarixinin ən vacib dövrlərindən biri 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi oldu. Yeni yaranan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən müstəqil, demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, ilk parlament və hökumət, dövlət aparatı, idarəetmə institutları formalaşdırıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, ərazi bütövlüyü və milli təhlükəsizliyin təmin edilməsi üçün mühüm işlər görüldü, dövlət atributları - bayrağımız,  himnimiz və herbimiz qəbul edildi, ana dili dövlət dili elan olundu, maarif və mədəniyyətin inkişafı üçün mühüm addımlar atıldı. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı, Şərqdə ilk dəfə qadınlara seçki hüququ verdi.

1918-ci il dekabrın 7-də müstəqil Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün Şərqdə o dövrün ən mütərəqqi, demokratik prinsiplər əsasında formalaşdırılmış ilk qanunverici orqan idi. Cümhuriyyət parlamentinin ilyarımlıq fəaliyyəti dövründə qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə səbəb oldu. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa cəhd göstərirdi. Xalq Cümhuriyyətinin misilsiz tarixi fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyektinə çevrilməsi 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra onun bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. 

1920-ci il aprelin 28-də Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi Sovet hakimiyyəti dövründə Azərbaycan dövlətçiliyini çətin sınaqlar qarşısında qoydu. Artıq beynəlxalq birlik tərəfindən Azərbaycanın de-fakto tanınması müstəqilliyin formal olaraq qismən qorunub saxlanmasına səbəb oldu. 1922-ci ilin martında Cənubi Qafqazın üç respublikası (Azərbaycan, Gürcüstan, Ermənistan) vahid dövlət - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı (ZSSRFİ) çərçivəsində birləşdirildi və bununla da formal müstəqillik tam aradan qaldırıldı. Sovet İttifaqı dövründə Zəngəzurun, Göyçənin, Naxçıvanın bir hissəsinin və digər rayonların Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 114 min kv.km-ə bərabər olan ərazimizin 86,6 min kv.km-ə qədər azaldılması ilə nəticələndi. Bundan başqa, 1923-cü il iyulun 7-də bolşevik liderlərin təşəbbüsü ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması Dağlıq Qarabağın Azərbaycan ərazisindən ayrılması istiqamətində atılmış ilk rəsmi addım oldu. Azərbaycanda Sovet hakimiyyətinə qarşı müqavimət və etirazlar qəddarcasına, sürgünlərlə, qanlı repressiyalarla cavablandırıldı.

Lakin II Dünya müharibəsi illərində Bakı nefti Sovet İttifaqının faşizm üzərində qələbəsinin təmin olunmasında mühüm rol oynadı. Azərbaycanlılardan ibarət  diviziyaların Qafqazdan Berlinədək şanlı döyüş yolu keçməsi Azərbaycan xalqının igidliyini və fədakarlığını bir daha sübut etdi.

Sovet hakimiyyəti illərində Azərbaycanın sürətli inkişafının və İttifaq miqyasında qabaqcıl, çiçəklənən respublikaya çevrilməsinin təməli 1969-cu il iyulun 14-də ulu öndər  Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə qoyuldu. Beləliklə, bütün çətinliklərə baxmayaraq, Sovet hakimiyyəti illərində, xüsusilə 1969-1982-ci illərdə əldə olunmuş nəhəng iqtisadi-mədəni potensial XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşmuş dövlətimiz üçün çox gərəkli oldu. Respublikanın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən çoxsaylı sənaye müəssisələrinin, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması iqtisadi infrastrukturu köklü surətdə dəyişdirdi, onun aqrar respublikadan daha çox sənaye yönümlü respublikaya çevrilməsinə zəmin hazırladı. Əlbəttə ki, bütün bunlar xalqın rifahı yolunda yorulmadan şalışan ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi.

 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinə qovuşarkən özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi və qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpa edildi. Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başladı. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi, hakimiyyət uğrunda daxili çəkişmələr, iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətdi. AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi hətta Azərbaycanı  parçalanmaq təhlükəsi ilə üz-üzə qoydu. Ölkəni bu ağır vəziyyətdən yalnız möhkəm iradəyə, böyük dövlət idarəçiliyi təcrübəsinə malik olan, xalqının rifahı və əmin-amanlığı uğrunda canını fəda etməyə hazır olan bir şəxsiyyət qurtara bilərdi. Bu şəxsiyyət Heydər Əliyev idi. 

1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə daxili hərc-mərcliyə son qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Müstəqil dövlət quruculuğu, onun təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin edilməsi, iqtisadiyyatın bərpa olunması, demokratik inkişaf, Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması və dünya birliyinə inteqrasiyası Heydər Əliyevin milli inkişaf strategiyasının başlıca konturlarını təşkil etdi. Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycan tarixinə dərin islahatlar dövrü kimi daxil oldu.

2003-cü ildən ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu mərhələdə enerji resurslarının ixracından əldə olunan gəlirlərin xüsusi bir qismi iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdirilməsi və müasirləşdirilməsinə yönəldildi. Ardıcıl şəkildə qəbul olunmuş və həyata keçirilmiş çoxsaylı dövlət proqramları, reallaşdırılmış xüsusi layihələr güclü iqtisadi potensialın formalaşdırılması, insan kapitalının səfərbər edilməsi və səmərəli istifadəsi, ölkənin bütün sahələr üzrə müasir infrastrukturlarının yaradılması, əhalinin rifahının yüksəldilməsini təmin etdi. Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasəti Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə dəstəklənir. 2003-cü ildən sonrakı dövrdə keçirilmiş bütün seçkilərin nəticələri, xüsusən 2018-ci il aprelin 11-də keçirilmiş Prezident seçkiləri bu dəstəyin və sarsılmaz xalq-iqtidar birliyinin bariz nümunəsidir.

Keşməkeşli tarixə, qədim və zəngin dövlətçilik ənənələrinə malik müasir Azərbaycan Respublikası bu gün tarix boyu heç zaman olmadığı qədər güclü, qüdrətli bir dövlətə çevrilərək inamlı addımlarla gələcək zəfərlərə doğru irəliləməkdədir.