Martın 9-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Gürcüstanın Müdafiə naziri Levan İzorianı qəbul etmişdir.

 Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından yüksək səviyyəli görüşlərin intensivləşdirilməsini zəruri sayan Baş nazir Artur Rasi-zadə, qarşılıqlı faydalı əsaslarda həyata keçirilən qlobal layihələrin əhəmiyyətini qeyd etdi. O, nəzərdə tutulan sazişlərin uğurla gerçəkləşdirildiyini, istər neft-qaz layihələrinin, istər Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və digər müştərək fəaliyyətin xalqlarımızın mənafeyinə xidmət etdiyini vurğuladı. Baş nazir Artur Rasi-zadə iqtisadi-ticarət və mədəniyyət istiqamətlərilə yanaşı, müdafiə sahəsində əməkdaşlığın da yüksəldilməsinin günün tələbi olduğunu nəzərə çatdırdı. O, müdafiə və müdafiə sənayesi, hərbi təhsil və təcrübə mübadiləsi sahələrində mövcud imkanlardan səmərəli istifadənin zəruriliyinə diqqəti yönəltdi.

 Dost, qardaş Azərbaycanın Gürcüstana hər zaman dəstək verdiyini məmnunluqla ifadə edən Müdafiə naziri Levan İzoria tarixi əlaqələrimizi və müasir strateji əməkdaşlıq amilini nəzərə almaqla ikitərəfli münasibətlərimizin bütün spektr üzrə daha da dərinləşdirilməsinin həqiqətən hər iki tərəf üçün faydalı olması fikrinə həmrəyliyini bildirdi.

 Regional problemlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi zamanı hər iki tərəf bölgədə sabitliyin saxlanması və iqtisadi inkişafın təmin edilməsi naminə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini qeyd etdilər.

 Qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.

 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti