Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

"Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili Qaydaları"nın təsdiq edilməsi barədə

16.06.2017

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 260

Bakı şəhəri, 16 iyun 2017-ci il

"Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili Qaydaları"nın təsdiq edilməsi barədə

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 458-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1173 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 iyun tarixli 260 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili

QAYDALARI

1. Ümumi müddəalar

1.1. "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili Qaydaları" (bundan sonra - Qaydalar) "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin üçüncü abzasına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Vergi Məcəl-ləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydalarını müəyyən edir.

1.2. Vergi ödəyicisinin aşağıdakı siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışı həyata keçirilə bilməz:

1.2.1. daşınmaz əmlak;

1.2.2. qiymətli kağızlar;

1.2.3. mədəni irs nümunələri.

1.3. Bu Qaydaların məqsədləri üçün:

1.3.1. ticarət şəbəkələri dedikdə, icra xidməti ilə bağlanmış müqavilə əsasında siyahıya alınmış əmlakın vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslər tərəfindən satışının həyata keçirildiyi təsərrüfat subyekti (obyekti), yarmarka və digər yerlər;

1.3.2. satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələri dedikdə, icra xidməti ilə bağlanmış müqavilə əsasında siyahıya alınmış əmlakın vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslər tərəfindən satışının "Elektron ticarət" haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən informasiya sistemlərindən istifadə etməklə həyata keçirildiyi elektron satış mərkəzləri başa düşülür.

1.4. Bu Qaydaların 1.3-cü bəndində qeyd olunan şəxslər tərəfindən siyahıya alınmış əmlakın təsərrüfat subyektində (obyektində), yarmarkada və digər yerlərdə satışı ilə bərabər, informasiya sistemlərində də satışı həyata keçirilə bilər.

1.5. Bu Qaydaların 1.3.2-ci yarımbəndində qeyd olunan şəxslərin rəsmi internet saytı olmalıdır. Siyahıya alınmış əmlakın elektron ticarət şəbəkəsində satışı ilə bağlı məlumatlar ictimaiyyətə həmin internet saytı, digər internet saytları və sosial şəbəkələr vasitəsilə çatdırılır. Belə məlumatları avtomatik şəkildə əldə etmək istəyən şəxslər ticarət şəbəkəsinin istifadəsində olan rəsmi internet saytında qeydiyyatdan keçməklə, həmin sayta abunə ola bilərlər.

1.6. Bu Qaydaların 1.3-cü bəndində qeyd olunan şəxslərin hüquq və vəzifələri, habelə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışı Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsi, "İcra haqqında" Azərbaycan Respublikasının Qanunu, "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanunu, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanunu, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, bu Qaydalar və bu Qaydalara uyğun olaraq bağlanılmış müqavilələr ilə tənzimlənir.

 2. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili

2.1. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) müqavilə əsasında təşkil edilir.

2.2. Bir qayda olaraq, siyahıya alınmış daşınar əmlakın hər birinin ayrı-ayrılıqda dəyəri 5000 manatdan artıq deyildirsə, həmin əmlakın ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının həyata keçirilməsi məqsədi ilə icra məmurları tərəfindən sifarişlər verilir.

2.3. Əmlakın qiymətləndirilməsinə dair müvafiq akt icra qurumuna daxil olduqdan sonra vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı ilə bağlı bu Qaydaların 1.3-cü bəndində qeyd olunan şəxslərə dərhal müvafiq yazılı sifarişlər verilir. Bu zaman Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90.3.3.1- 90.3.3.5-ci maddələrində nəzərdə tutulan sənədlər (məlumatlar) sifarişə əlavə edilməlidir. Siyahıya alınmış əmlakın təsərrüfat subyektində (obyektində), yarmarkada və digər yerlərdə satışı ilə bağlı sifariş verildikdən sonra, icra məmuru tərəfindən həmin əmlakın bu Qaydaların 1.3-cü bəndində qeyd olunan şəxslərə təhvil-təslim aktı əsasında təhvil verilməsi üçün tədbirlər görülür.

2.4. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron ticarət şəbəkəsində satışı zamanı satılan əmlakın dəyəri alıcı tərəfindən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən satışını elektron şəkildə həyata keçirən şəxsə nağdsız şəkildə və ya çatdırılma zamanı nağd qaydada ödənilməlidir. Satışını elektron şəkildə həyata keçirən şəxs satılan əmlakın dəyərinin ona məxsus rəsmi internet saytı vasitəsilə nağdsız şəkildə ödənilməsi üçün zəruri texniki imkan yaratmalıdır.

2.5. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkəsində satışı nəticəsində əldə olunmuş məbləğ 3 (üç) bank günü müddətində satışı həyata keçirmiş şəxs tərəfindən icra məmurunun əvvəlcədən müəyyən etdiyi (bu Qaydaların 2.3-cü bəndinə əsasən məlumat verdiyi) bank hesabına köçürülür.

2.6. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılmasından əldə edilən məbləğlərdən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90.4-cü maddəsində nəzərdə tutulmuş qaydada istifadə olunur.

2.7. Elektron ticarət şəbəkəsində satılan əmlakı almaq istəyən şəxsə icra məmuru tərəfindən həmin əmlakla yerində tanış olmaq imkanı yaradılır.

2.8. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı ticarət şəbəkəsində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) 3 (üç) ay ərzində satılmadıqda onun qiyməti 20 faizə qədər, bundan sonrakı 2 (iki) ay ərzində satılmadıqda isə 40 faizə qədər icra məmuru ilə yazılı şəkildə razılaşdırılmaqla aşağı salına bilər.

2.9. İcra məmuru tərəfindən təhvil verilən, lakin satılmayan siyahıya alınmış əmlaka ayda bir dəfədən az olmayaraq baxış keçirilir.

2.10. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı ticarət şəbəkəsində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) 6 (altı) ay ərzində satılmadıqda, bu Qaydaların 1.3-cü bəndində qeyd olunan şəxslər həmin əmlakın satışını dayandırır və bu zaman icra məmuru tərəfindən verilmiş sifariş qüvvədən düşür. Bu zaman siyahıya alınmış əmlak icra məmuru tərəfindən təhvil-təslim aktı ilə geri alınır.

2.11. Satılmayan əmlaklar barədə məlumatlar satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkəsinin istifadəsində olan rəsmi internet saytından çıxarılır.

2.12. Siyahıya alınmış əmlakın satışı elektron ticarət şəbəkələri vasitəsilə həyata keçirildikdə, sifariş verildiyi gün siyahıya alınmış əmlakın fotoşəkillərinin rəsmi internet saytında yerləşdirilməsi satışı həyata keçirən şəxs tərəfindən təmin edilir.

3. Yekun müddəalar

3.1. Bu Qaydaların 1.3.2-ci yarımbəndində qeyd olunan şəxslərin istifadəsində olan rəsmi internet saytı 3 dildə (Azərbaycan, ingilis və rus dilləri) fəaliyyət göstərir.

3.2. Bu Qaydaların 1.3-cü bəndində qeyd olunan şəxslər satışa çıxarılmış əmlaklar, satışı təmin edilmiş və ya satışı mümkün olmadığı üçün geri qaytarılmış əmlaklar, habelə siyahıya alınmış əmlakın satışından əldə olunan vəsaitlər barədə aylıq məlumatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş formada hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edir.

3.3. Bu Qaydaların tələblərinin pozulmasına görə bu Qaydaların 1.3-cü bəndində qeyd olunan şəxslər və alıcılar qanunvericiliyə uyğun qaydada məsuliyyət daşıyırlar.