Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

19.10.2017

 

M Ə L U M A T

 Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizə  səfərə gəlmiş Ukrayna Baş nazirinin Birinci müavini, İqtisadiyyat və Ticarət naziri Stepan Kubivin rəhbərliyi ilə nümayəndə heyətini qəbul etmişdir.

Qəbul zamanı Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla davam etdiyini məmnunluqla vurğulayan Baş nazir Artur Rasi-zadə, qarşılıqlı faydalı əsaslar üzərində iqtisadi-ticari əməkdaşlığımızın daha da genişləndirilməsinin vacibliyini qeyd etdi. İqtisadiyyatın bir çox sahələri üzrə birgə layihələrin həyata keçirilməsininin mümkünlüyünü bildirən Baş nazir  nəqliyyat, loqistika, sənaye, energetika, aqrar sfera, turizm və s. istiqamətlərdə işbirliyinə geniş imkanlar yaradıldığını xatırlatdı.     

Ölkələrarası əməkdaşlıqda zəruri olan regional sabitlik kontekstində Baş nazir Artur Rasi-zadə qonaqların diqqətini  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltdi və  Ermənistan rəhbərliyinin apardığı təcavüzkar separatizm siyasətinin nəinki region, ümumən bütün  dünya üçün  təhlükəli olduğunu nəzərə çatdırdı.   

Qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Ukrayna Baş nazirinin Birinci müavini, İqtisadiyyat və Ticarət naziri Stepan Kubiv ölkəmizlə hərtərəfli əlaqələrə böyük diqqət yetirildiyini dedi. Daha sonra o, təcrübə mübadiləsi baxımından respublikamızda əldə olunmuş bir çox iqtisadi uğurlarla, müvafiq sənaye və texnologiya qurumlarının işi ilə yaxından tanışlığa maraq göstərdiyini bildirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Stepan Kubiv,   birmənalı olaraq münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdar olduqlarını vurğuladı.   

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.

 Nazirlər Kabinetinin

Mətbuat Xidməti