Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

12.06.2017

M Ə L U M A T

İyunun 12-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakıda səfərdə olan Estoniya Respublikasının Xarici İşlər naziri Sven Mikseri qəbul etmişdir.

Azərbaycan-Estoniya əlaqələrini yüksək qiymətləndirən Baş nazir Artur Rasi-zadə qeyd etdi ki, yüksək templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatı Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməklə yanaşı, eləcə də Avropa ailəsinin üzvü kimi Estoniya ilə də qarşılıqlı faydalı əməkdaşlığa önəm verir. Bu baxımdan ölkələrimiz arasında davam edən xoşməramlı dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, iqtisadi-mədəni əlaqələrin genişləndirilməsi üçün siyasi iradə və zəruri hüquqi baza mövcuddur.

Söhbət zamanı vurğulandı ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə, xüsusən qeyri-neft sektorunda, kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları, ticarət, turizm, humanitar sferalarda dövlət və özəl sektor təmsilçilərinin müştərək layihələr üzərində işləməsi, həmçinin Avropa İttifaqı çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin mənafeyinə uyğundur. Qeyd olundu ki, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğu şəraitdə mövcud potensialdan daha səmərəli istifadə etmək vacibdir.

Qəbul zamanı beynəlxalq və  regional problemlər ətrafında söhbət gedərkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Artur Rasi-zadə   münaqişənin nizama salınması istiqamətində respublika rəhbərliyinin göstərdiyi səylərdən, lakin bəzi ölkələrin bu məsələdə nümayiş etdirdikləri ikili standartlardan danışaraq bir daha xatırlatdı ki, məsələnin həlli yalnız hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında mümkündür. 

Qəbulda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi oldu. 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti