Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

11.05.2017

M Ə L U M A T

   Mayın 11-də Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin başçılığı ilə nümayəndə heyətini qəbul etmişdir.  

   Azərbaycanla İordaniya Krallığı arasında siyasi münasibətlərin dövlət başçıları  səviyyəsində daim inkişaf etdiyini vurğulayan Baş nazir Artur Rasi-zadə, həmçinin ölkələrimiz  arasında turizm, ticarət, mədəniyyət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın mövcudluğunu  nəzərə çatdırdı. İkitərəfli faydalı əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu xatırladan Artur Rasi-zadə qonaqların Bakıya səfərinin də qarşılıqlı təcrübə və fikir mübadiləsi baxımından  səmərəli keçəcəyinə,  həmçinin əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsi  işinə xidmət edəcəyinə əminliyini bildirdi. 

  Söhbət zamanı beynəlxalq  terrorizm, ekstremizm və etnik separatçılıq meylləri ilə mübarizə kontekstində Ermənistan dövlətinin hərbi təcavüzkarlıq siyasətinə toxunan Baş nazir İordaniya dövlətinin beynəlxalq  tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanın haqq işini dəstəklədiyini, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdar olduğunu məmnunluqla qeyd etdi.

  Səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravneh öz ölkəsinin Azərbaycanla əlaqələrə böyük  əhəmiyyət verdiyini,  regionun ən inkişaf etmiş zəngin ölkəsi ilə əməkdaşlığa xüsusi maraq göstərdiyini dedi.

  Daha sonra Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İordaniya idmançılarının da geniş heyətlə iştirakını xatırladan Atef Yusif Saleh əl-Taravneh, bu iri miqyaslı beynəlxalq idman tədbirinin xalqlar arasında sülhə, dostluğa, əmin-amanlığa xidmət edəcəyini vurğuladı.

 Qəbulda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.

Nazirlər Kabinetinin

Mətbuat Xidməti