Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

26.04.2017

 

 

MƏLUMAT

   Aprelin 26-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Energetika, Sənaye və Təbii ehtiyatlar naziri Xalid Əbduləziz D. Əl-Falihinin rəhbərliyi ilə nümayəndə heyətini qəbul etmişdir.

   Hər iki ölkənin dövlət rəhbərləri arasında yaranmış  dostluq münasibətlərinin hökumətlərarası əlaqələrə də müsbət təsir etdiyini vurğulayan Baş nazir Artur Rasi-zadə   Səudiyyə Ərəbistanının bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini dəstəklədiyini minnətdarlıqla xatırlatdı. Baş nazir həmçinin Səudiyyə Ərəbistanı ilə yaxşı iqtisadi əlaqələrin yarandığını, ikitərəfli faydalı əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu nəzərə çatdırdı. Əlaqələrin  inkişafı üçün qarşılıqlı səfərlərin və müxtəlif sahələr üzrə təcrübə mübadilələrinin  vacibliyini qeyd edən Baş nazir Artur Rasi-zadə,  səfər proqramı çərçivəsində keçiriləcək görüşlərin, aparılacaq danışıqların hər iki tərəf üçün səmərəli olacağına, münasibətlərimizin inkişafına təkan verəcəyinə əminliyini bildirdi. 

   Ölkəmizin qarşısında başlıca problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən Artur Rasi-zadə bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı şərti ilə həllinin mümkünlüyünü vurğuladı.

   Qəbula görə Azərbaycanın Baş nazirinə minnətdarlığını bildirən Səudiyyə Ərəbistanı Krallığının Energetika, Sənaye və Təbii ehtiyatlar naziri Xalid Əbduləziz D. Əl-Falihi  son illər Azərbaycanda aparılan uğurlu iqtisadi, siyasi, hüquqi islahatlar  nəticəsində dünya birliyinə böyük perspektivlərə malik azad, demokratik, müstəqil və zəngin bir dövlətin qədəm qoyduğundan  məmnunluqla söz açdı. Bundan sonra da bütün  beynəlxalq tədbirlərdə ölkəmizə dəstək verəcəklərini qeyd edən Xalid Əbduləziz D. Əl-Falihi Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin daha da fəallaşdırılmasının, xüsusən qeyri-neft sektoruna investisiya qoyuluşunun artırılmasının, humanitar sferada əməkdaşlığın genişləndiriməsinin zəruriliyini önə çəkdi.

   Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi oldu.

 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti