Keçidlər

Prezident Milli Meclis Azərbaycan-news azertag

M Ə L U M A T

16.12.2016

 

MƏLUMAT

  Dekabrın 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Gürcüstanın Müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

  Yeni hökumətin tərkibində yüksək vəzifəyə təyin olunması münasibətilə qonağı təbrik edən Baş nazir Artur Rasi-zadə Azərbaycanla Gürcüstan arasında bütün sferalarda, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində ikitərəfli faydalı münasibətlərin daim inkişaf etdirilməsinin zəruriliyini önə çəkdi. Ölkələr arasında iqtisadi-ticarət və humanitar əlaqələrin mövcudluğunu yüksək qiymətləndirən Baş nazir xüsusən energetika və nəqliyyat sahələrində Gürcüstanla irimiqyaslı beynəlxalq layihələrdə birgə fəaliyyətin səmərəliliyini vurğuladı. O, hərbi əməkdaşlıq istiqamətində də oxşar qurumlar arasında münasibətlərin  daim inkişaf etdirilməsinin müasir şəraitdə  mühümlüyünə diqqəti yönəltdi.  

  Yeni vəzifədə ölkəmizə ilk rəsmi səfərindən məmnun qaldığını bildirən Gürcüstanın Müdafiə naziri Levan İzoria Gürcüstan hökuməti rəhbərliyinin salamlarını Azərbaycanın Baş nazirinə çatdırdı. Bakıda keçirdiyi görüşlər barədə Baş nazirə ətraflı məlumat verən qonaq, xüsusilə 2017-ci il üçün müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planının mühümlüyünü qeyd edərək, Azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinə həqiqətən böyük ehtiyac olduğunu dedi. Gürcüstanın Müdafiə naziri səfər müddətində nümayəndə heyətinə göstərilən yüksək diqqət və qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.

  Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

    Nazirlər Kabinetinin

    Mətbuat Xidməti