M Ə L U M A T
Martın 6-da Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə" Qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, 2010-cu il iyulun 1-dən Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-2 ekoloji normaları tətbiq edilsin.
Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılmışdır ki, Azərbaycan Respublikasında istehsal edilən, habelə yanacaq-doldurma məntəqələrində satılan avtomobil yanacağının keyfiyyətinə nəzarəti gücləndirsinlər və bu sahədə standartların tələblərini pozan şəxslər barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görsünlər, o cümlədən müvafiq fəaliyyət növünə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyətinin dayandırılmasını təmin etsinlər.
Həmin Qərarla "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə Tədbirlər Planı" da təsdiq edilmişdir.
Tədbirlər Planında göstərilir ki, müvafiq nazirlik və komitələr Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair texniki normativlərin hazırlanmasını və təsdiq edilməsini;
BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən avtonəqliyyat vasitələrindən atılan zərərli maddələrə dair qəbul edilmiş Avropa standartlarına uyğun milli standartların hazırlanmasını və təsdiq edilməsini;
Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair Avro-3 və daha yüksək Avropa ekoloji normalarına mərhələlərlə keçidlə bağlı təkliflərin hazırlanmasını və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsini;
Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair qaydanın layihəsinin hazırlanmasını və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsini 2010-cu ilin birinci yarımilliyi ərzində təmin etsinlər.
Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Nazirlər Kabinetinin Mətbuat Xidməti