Oman Azərbaycan ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Oman Azərbaycan ilə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Bu fikri fevralın 2-də Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusif bin Aləvi bin Abdulla Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ilə görüşdə söyləmişdir. Bununla əlaqədar iki ölkə arasında müqavilə-hüquqi bazanın genişləndirilməsi və sahibkarlıq fəaliyyətinin nizamlanmasına dair sənədlərin tezliklə ratifikasiya olunması xüsusi qeyd edilmişdir.
Omanın xarici işlər üzrə məsul naziri Azərbaycan və ölkəsi arasında aviaəlaqə yaradılması barədə razılaşma əldə olunmasının əhəmiyyətini vurğulamışdır. Yusif bin Aləvi bin Abdulla 1992-ci ildə Bakıya səfərindən bəri Azərbaycanın paytaxtında baş vermiş müsbət dəyişikliklərə heyran olduğunu bidirmişdir.
Baş nazir Artur Rasi-zadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini müdafiə etdiyinə görə Oman Sultanlığının rəhbərliyinə təşəkkür etmişdir. A.Rasi-zadə əmin olduğunu bildirmişdir ki, Azərbaycanda və Omanda səfirliklərin açılması barədə qəbul edilən qərar ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə imkan yaradacaqdır.
AzərTAc.